
İkinci Liqanın 3-cü turu debütantlar üz-üzə gəlib. Ötən mövsüm Region Liqasının finalında qarşılaşan "Zəngəzur" ilə "Marafon"un budəfəki qarşılaşmasında sevinən tərəf Sabirabad təmsilçisi olub (4:2). Dramatik qarşılaşmada meydan sahibləri 2:0-lıq üstünlüyünü əldən verərək uduzublar.
Komandanın məşqçisi Vüsal Səfərov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"Ötən mövsüm "Marafon" komandası ilə final matçında üz-üzə gəlmişdik. Onda biz qalib gəlib çempionluğu qazanmışdıq. Bu mövsüm isə Azərbaycan İkinci Liqasının üçüncü turunda yenidən qarşılaşdıq. Matçın gedişində 2:0 hesabı ilə öndə olsaq da, qırmızı vərəqə alıb ikinci hissənin əvvəlində ardıcıl qollar buraxdıq. Azlıqda qalmağımız komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərdi.
Hazırda komandamızda ciddi zədə problemləri var. Əsas heyətin 5 futbolçusu zədəlidir. Belə çətin şərtlərlə keçirdiyimiz ilk üç turda cəmi 3 xal toplaya bilmişik. Məcburi mövqe dəyişiklikləri etdiyimiz üçün həm görüşlərdə, həm də məşq prosesində müəyyən çətinliklərlə qarşılaşırıq. Üç oyunda komandamızın 5 "qırmızı" alması əleyhimizə işləyən amildir və rəqiblər də bu zəifliyimizi yaxşı bilirlər. Beş "qırmızı" yumşaq desək, çox pis göstəricidir və ciddi problemdir. Üstəlik, meydandan qovulanlar əsas oyunçularımızdır. Bu səbəbdən hazırda çox çətin vəziyyətlə qarşı-qarşıyayıq. Qırmızı vərəqələrin çoxluğunu tam olaraq intizamsızlıq kimi qiymətləndirmək doğru olmazdı. Bəzən hakimlərin verdiyi yanlış qərarlar oyunçuların emosional gərginlik yaşamasına və nəticədə onlarla mübahisəyə girməsinə səbəb olur. Məğlub vəziyyətdə olarkən, üstəlik hakimin də yanlış qərar verməsi futbolçunun psixoloji təmkininə mənfi təsir göstərir. Bu cür hallar məhz sözügedən gərginlikdən qaynaqlanır. Bir sözlə, problem komandada intizamsızlığın olmasından deyil, hakimlərin səhvləri qarşısında oyunçuların emosiyalarını cilovlaya bilməməsindən irəli gəlir".
"Zəngəzur" 3 turdan sonra 3 xalla 9-cu yerdədir. "Marafon"un isə hesabında 7 xal var və 2-ci pillədə qərarlaşıb.
Mirağa