
Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Belçikaya 0:3 hesablı məğlubiyyətdən sonra açıqlama verib.
Fanat.Az xəbər verir ki, informasiyanı "beIN Sports" yayıb.
Məlumata görə, İtaliyalı mütəxəssis bildirib ki, qarşılaşma statistik baxımdan balanslı keçib, lakin bu səviyyədə edilən səhvlər rəqib tərəfindən bağışlanmır.
“Statistik baxımdan balanslı oyun oldu. Bu səviyyədə futbol oynayarkən səhv etmək olmaz. Xətaları rəqiblər bağışlamır. Futbolçularımız matçın əvvəlindən sonuna qədər böyük mübarizə apardılar. A Liqasında olmaq cəza deyil, üstünlükdür. Buna görə də özümüzü inkişaf etdirməyə və daha yaxşı olmağa çalışmalıyıq. Futbolçularımızı heç bir şəkildə günahlandırmıram”, - deyə Montella bildirib.
Baş məşqçi azarkeşlərin istefa çağırışlarına da münasibət bildirib. O, hazırkı tənqidlərə çox fikir vermək istəmədiyini deyib.
“Son üç ildə gözləntiləri çox yüksəltdik. Azarkeşlərin hazırda məmnun olmaması təbiidir. Onlar fikirlərini bizimlə bölüşə bilərlər. Mən çox motivasiyalıyam və əvvəlkindən daha çox çalışmağa hazıram. Hazırlığımızı ən yaxşı şəkildə aparacağıq və bütün diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik”, - deyə Montella qeyd edib.
O, komandanın sonadək mübarizə apardığını da vurğulayıb: “Çoxlu imkan yaratdıq və rəqiblə bərabər səviyyədə oynadıq. Belçikanın cərimə meydanında 40 dəfə topla görüşdük, onlar isə bizim cərimə meydanımızda 26 dəfə oldular. Futbolda siz qol vura bilməyəndə, rəqib isə vuranda nəticə istədiyiniz kimi olmur. Son qərarlarımızı daha dəqiq verə bilsəydik, hesab fərqli ola bilərdi”.
Əlisahib İbrahimli