
“İnter”in əfsanəsi Cüzeppi Berqomi Çempionlar Liqasında “Real Madrid”ə qarşı keçiriləcək oyun öncəsi komandasının şanslarını və qarşılaşmadan gözləntilərini bölüşüb.
Fanat.Az xəbər verir ki, informasiyanı "AS" yayıb.
Berqomi hesab edir ki, “İnter” “Santyaqo Bernabeu”da yalnız müdafiəyə çəkilməməlidir:
“Ümid edirəm ki, "İnter" cəsarətli oynayacaq. Əgər yalnız müdafiə olunmağa çıxsaq, heç bir şansımız olmayacaq. "Bernabeu"da oyuna nəzarət etməyi düşünmək bir qədər xəyalpərəstlikdir, amma biz cəsarət və düzgün münasibət göstərməli, yarımmüdafiədə nəzarəti ələ keçirməyə çalışmalıyıq. Çünki onların həmin mövqedə mühüm itkiləri var. "Real Madrid" bu turnirdə özünü evindəki kimi hiss edir. Heç vaxt təslim olmurlar və bu xüsusiyyət dünyanın heç bir komandasında yoxdur. Onlar möhtəşəm inanılmaz geridönüşlərlə özlərinə bənzərsiz bir əfsanə yaradıblar.”
Berqominin sözlərinə görə, “İnter”in əsas məqsədi “Real Madrid” qarşısında qorxaq və yalnız müdafiəyönümlü futbol deyil, cəsarətli və aqressiv oyun nümayiş etdirmək olmalıdır.
Qeyd edək ki, tərəflər arasında görüş sentyabrın 8-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli