Cümə axşamı, martın 31-də Qətər FİFA Konqresinin illik toplantısına ev sahibliyi edəcək.
Fanat.Az xəbər verir ki, gündəlikdəki məsələlərdən biri, daha dəqiq, dördüncüsü üzvlüyün dayandırılması və ya birlikdən xaric edilməsidir.
Söhbət Zimbabve, Keniya, Rusiya və Belarusun qurumdan çıxarılmasından gedir. Afrika ölkələri hökumətin federasiyaların işlərinə müdaxiləsinə görə cəzalandırılacaq. Rusiya və Belarus isə Ukrayna münaqişəsində iştiraka görə beynəlxalq futbol qurumlarının qəzəbinə tuş gəlib.
Üzvlük dondurulduğu halda, sözügedən ölkələrin qurukdakı fəaliyyəti avtomatik dayandırılacaq. Belədə digər federasiyalara onlarla idman əlaqəsi qadağan ediləcək.
Beləliklə, FİFA Rusiyanı xaric etsə, o zaman Valeri Karpinin komandası Millətlər Liqasında və AVRO-2024-ün seçmə mərhələsində iştirak etməyəcək. Bundan başqa, FİFA-ya üzv olan digər ölkələrin də Rusiya ilə yoldaşlıq oyunu keçirməsi qadağan ediləcək.
Bu baxımdan, Belarusla bağlı qərar Azərbaycan millisinin turnir planlarına təsir göstərəcək. Çünki bu ölkənin yığması millimizin Millətlər Liqasındakı rəqiblərindəndir.