Nihan Ağasoy
Orta məktəbin birinci sinfinə ayaq basdığım gündən doğma dilimizdə təhsil almadığımın fərqindəydim. Yox, oxumağa rus bölməsində başladığım üçün peşman deyiləm. Əksinə, yaxşı ki, vaxtında yaxşı mənimsəmişəm. Sevməyə-sevməyə...
Ulu babaları "qırmızılar”a baş əymədiyi üçün sürgün edilmiş, güllələnmiş birinin Rusiyaya simpatiya bəsləməməsi isə yəqin, tam başadüşüləndi. Şimal qonşularımıza münasibətim bu gün də dəyişməyib. İstər siyasi arenada, istərsə də siyasət qədər önəmli, nüfuzlu idman yarışlarında şərq slavyanlarının bütün rəqiblərinə azarkeşlik edirəm. Yanlış anlamayın, mənim sadə rus xalqıyla problemim yoxdu. Söhbət əsrlər boyu Azərbaycanın müstəqilliyini əngəlləmiş dövlətdən gedir. Dünən çar Rusiyası idi, bü gün Rusiya Federasiyası, fərq etməz. Eyni sözləri İran İslam Respublikası haqda da böyük məmnuniyyətlə söyləməyə hazıram.
Hə, bu il Avropa səhnəsində - divlər liqasında futbol oynaya bildiyini isbatlayan "Qarabağ”ın "Çelsi”yə 0:6 hesabıyla yenildiyi debüt matçından sonra Rusiyanın idman saytlarında saatlarla eşələnmişdim. İstər həmkarlarımızın yanaşmaları, istərsə də məqalələrin altından yazılan şərhlər kefimə əməlli-başlı soğan doğramışdı. Ardından isə radikal millətçilik qədər utopik ideologiya saydığım kosmopolitizmə könül verən 2-3 tanışımla bu yöndə bərk mübahisəmiz olmuşdu. Hər birinə ayrı-ayrılıqda eyni turnirdə mübarizə aparan "Spartak”ın İngiltərə səfərində "Qarabağ”dan yaxşı görünməyəcəyini bildirmişdim.
Bilmirəm, bu əminlik hardan idi. Amma Moskva təmsilçisinin – Rusiyanın "xalq komandası”nın darmadağından qaça bilməyəcəyinə ən sadiq "Liverpul” fanatı qədər inanırdım. Xoşbəxtlikdən yanılmadım və qonaqlar 7 cavabsız qola üzülərək 1/16 finala həsrət qaldı. Futbol meydanlarında əbədi qələbə və ya əbədi qalib yoxdu. Bu gün yenilgi acısı dadan sabah sadə məntiqlə, səhvlərindən nəticə çıxarar, uğurun açarını tapar. "Spartak”ın fiaskosu Rusiyanın klub futbolunun bəlli imkanlar fonunda müəyyən səviyyədən yuxarı qalxa bilmədiyinin göstəricisidi. 2005/06 mövsümündə "Zenit”in UEFA kubokunu başı üzərinə qaldırması belə, bu məntiqi kölgələmir. Bəs qədər pul və UEFA-dakı pulasatılanlar hesabına imza atılmış həmin zəfərin də davamı arzulanan sambalda gəlmədi...
ÇL-in qrupuna vəsiqə, "Atletoko” ilə qələbəyə bərabər heç-heçələr bu büdcə ilə "Qarabağ”ın edə biləcəyi maksimum idi. Qurban Qurbanovun sərəncamında qitənin ən nüfuzlu turnirində döyüşə atmaq üçün 3-4 Avropa səviyyəli, tutaq ki, 5-6 milyonluq legioner olsaydı, düşdüyü qrupdan çıxardı. Bəs siz necə düşünürsüz, "Spartak”ın 100 milyon dollardan artıq büdcəsiylə Ağdam komandası "Liverpul”a 0:7 hesabıyla uduzardı?
"Futbol+” qəzeti