Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" adlanan turnirin üçüncü turunda Maksim Vaşye-Laqrav (Fransa) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov matçın 36-cı gedişində rəqibi ilə "sülh bağlayıb".
Təmsilçimiz ilk qarşılaşmasında Uesli So (ABŞ) ilə heç-heçəyə razılaşıb, ikinci turda isə Hans Nimanna (ABŞ) uduzub. Bir xalı olan təcrübəli şahmatçı Levon Aronyan (ABŞ) və Fabiano Karunana (ABŞ) ilə turnir cədvəlinin 8-10-cu pillələrini bölüşdürür.
Lider 2,5 xal toplayan Nimanndır.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.