"Qarabağ"ın futbolçusu Toral Bayramov Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə 4:1 hesabı ilə qalib gələrək finala yüksəldikləri cavab oyunundan sonra jurnalistlərə açıqlama verib.
Fanat.az xəbər verir ki, 23 yaşlı futbolçu ilk öncə oyuna hazırlıqdan danışıb:
“Rəqiblər arasında fərq qoymuruq. Bütün rəqiblər qarşı eyni hazırlaşırıq. Ola bilsin ki, "Neftçi" ilə oyunlar Azərbaycan derbisi olduğuna görə, motivasiya daha yüksək olur. Belə bütün matçlara eyni yanaşırıq və fərq qoymuruq”.
O, ilk oyunda böyükhesablı qələbəyə baxmayaraq “Neftçi”dən müqavimət gözlədiklərini bildirib: “Niyə də gözləməyək? Bu futboldur. Məsələn kubok matçında səfərdə "Sabah"ı 7:1 məğlub etdik, amma evdə 4 top buraxıb məğlub olduq. Hər oyuna daha da hazırlaşmaq lazımdır. Qəfəs döyüşü deyil ki, kiməsə rəhimimiz gəlsin. Güclü olan qalib gəlir. Kim çox istəyirsə, o qalib gəlir”.
Bayramov, final görüşü haqda da fikirlərini bildirib: “İki il əvvəl "Zirə" ilə final oynamışıq. Penaltilərdə qalib gəlmişdik. Ümid edirəm bu dəfə daha maraqlı oyun olar. Ən azından azarkeşlərimiz stadionu doldurar və final abu-havası yaşayarıq”.
O, Avrokuboklarda “Qarabağ”ın ən güclü rəqibi “Bayer”in çempionluğunu rəsmiləşdirməsi haqda da danışıb: “Matçı canlı izləmədim. Sonradan oyuna baxdım. Gözəl atmosfer var idi. Ümid edirəm ki, Avropa Liqasında da çempion olarlar”.
“Qarabağ”ın müdafiəçisi transfer iddiaları barəsində belə deyib: "Qalatasaray" söhbəti keçmişdə qalıb. Gündəmə çox şey gələ bilər. Real bir şey yoxdur. "Qarabağ"dayam, müqaviləm var. Bura haqda fikirləşirəm”.
Yarımmüdafiəçi sonda Bəhlul Mustafazadə ilə şahmat oynadığınından danışıb: “Bəhlulun marağı daha çoxdur. Mən də bacarıram. Bəhlul qədər anlayışım olmasa da, bacardığım qədər maraqlanmağa çalışıram”.
Nahid Ustaclı