Çexiyanın Marianske-Lazne şəhərində Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə “Marienbad Open 2022” şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, ötən gün yarışda VII turun qarşılaşmaları keçirilib. Qrossmeysterimiz tur çərçivəsində çexiyalı Yaxim Nemes ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz rəqibini təslim edərək yarışda ikinci qələbəsini qazanıb.
Beləliklə, xalını 4,5-ə çatdıran şahmatçımız ikinci pillədəki yerini qoruyub. Sıralamaya 6 xalla Voytex Plat (Çexiya) başçılıq edir.
Mirzəyev növbəti turda Kristofer Noe (Almaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, dairəvi sistem üzrə doqquz turdan ibarət olan yarış yanvarın 22-dək davam edəcək.
Xatırladaq ki, A.Mirzəyev yanvarın 7-dən 14-dək Çexiyada "Praqa Open" turnirində mübarizə aparıb. O, 9 turdan 7,5 xal toplayaraq həmin yarışın qalibi olub.
Sahib