"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".
Fanat.Az xəbər verir ki, bu sözlər "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayraka məxsusdur.
O, bu fikirləri "TRT Spor"a açıqlamasında UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun barədə danışarkən deyib.
Klub rəsmisi bu qarşılaşmanın onlar üçün vacib olduğunu vurğulayıb: İnanıram ki, komandamız "Qaziantep"lə matçda sərgilədiyi performansı Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq. İstanbulda cavab görüşü keçirilsəydi belə, azarkeşlər stadionda olmayacaqdı. Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur. Ona görə də harada oynayacağımızın fərqi yoxdur".
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.
Fanat.Az