"Qalatasaray"ın futbolçusu Arda Turanın Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi"yə qarşı matçın 66-cı dəqiqəsində meydana daxil olması Türkiyədə sosial medianın diqqətini çəkib.
Fanat.Az xəbər verir ki, buna səbəb 33 yaşlı yarımmüdafiəçinin artıq ikinci dəfə eyni vaxtda meydana çıxmasıdır. Baş məşqçi Fatih Terim Superliqanın ilk turunda evdə "Qaziantep"i 3:1 hesabı ilə məğlub etdikləri görüşdə də Turanı 66-cı dəqiqədə meydana buraxıb.
Mövsümün əvvəlində "sarı-qırmızılar"a qayıdan təcrübəli futbolçu 66 nömrəli formanı geyinir. Buna səbəb onun İstanbul klubunda ilk dəfə bu nömrə ilə çıxış etməsidir.
Daha bir maraqlı məqam odur ki, Fatih Terim Ardaya daha əvvəl hazır olmağı tapşırmışdı və əvəzetməyə hazırlıq görülürdü. Lakin "Qalatasaray”ın 3-cü qolu vurması bu planı təxirə saldı.
Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. (Report.az)
Fanat.Az