"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliya "Braqa"sı ilə qarşılaşacaq. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq futbolçusu Aslan Kərimovla əlaqə saxlayıb İsveçrənin Cenevrə şəhərində keçirilən püşkatmanın nəticəsi barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şərh verməyimiz nisbi məsələdir. "Braqa" hansısa digər komandalarla müqayisədə münasib və ya çətin sayıla bilər. "Braqa"nın Çempionlar Liqasında yer aldığı qrupa nəzər yetirsək, reallıqla tanış olarıq. Portuqaliya təmsilçisi "Napoli" və "Real Madrid"dən geridə qalsa da, Almaniya "Union"unu qabaqlayaraq üçüncü yeri yeri tutdu. Təbii ki, keçilməz rəqib deyil. "Qarabağ" böyük konsentrasiya ilə oynasa və bir qədər də idman xoşbəxtliyi bizim tərəfimizdə olsa, bizim bu mərhələdən keçmək şansımız var. Bu komandalar arasından "Lans", "Milan" bizə rəqib olsaydı, demək olar ki, şansımız olmazdı. Hər halda, "Braqa" ilə oynaya bilərik. Bütün komponentlərdə onlara məğlub olan deyilik. Yəni matçın hansısa hissəsində rəqibi üstələyə bilərik. Əlbəttə, həddindən artıq çətin olacaq. Portuqaliya komdanları gənc istedadları parladıb satırlar. Ümid edək ki, qış fasiləsindən sonra hansısa futbolçularını satacaqlar və "Qarabağ" müəyyən qədər zəifləmiş "Braqa" ilə qarşılaşacaq".