
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda Sofiya ÇSKA-sı ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ" bu gün cavab matçına çıxacaq. "Köhlənlər"in sabiq futbolçusu, tanınmış məşqçi Elgiz Kərəmli ilə əlaqə saxlayıb Bolqarıstandakı görüşdən nə gözlədiyini soruşduq.
34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Təbii, hamımız başa düşürük ki, "Qarabağ"ı Sofiyada çətin oyun gözləyir. Lakin unutmayaq ki, "Qarabağ" bu cür matçlardan, bu cür rəqiblərlə gərgin oyunlardan dəfələrlə üzüağ çıxmağı bacarıb. Hər halda, Ağdam təmsilçisi təcrübəlidir. Bakıda da istədiyi nəticəni qazana bilərdi, sadəcə epizodları dəqiq sonlandıra bilmədilər. ÇSKA da ağır rəqibdir, Bakıdakı matçda da hiss edilirdi ki, hazırlıqlıdırlar, rəqibdən çəkinmirlər. Sofiyadakı matçda daha istəkli, daha motivasiyalı oynayacaqlar. Ancaq fikrimcə, "Qarabağ"ın məşqçilər heyəti onları daha yaxşı analiz edib və ikinci görüşdə Azərbaycan komandası daha yaxşı oynayacaq, rəqibini qollarla cəzalandıracaq. Əslində, Bolqarıstan tərəfindən keçmiş oyunçular tez-tez iddialı açıqlamalar verir. Bu da normaldır, öz komandalarını ruhlandırmağa çalışırlar. Rəqibin iddiasına, motivasiyasına baxmayaraq, "Qarabağ" təmkinli oyunla qalib gələcək və növbəti mərhələyə vəsiqə qazanacaq".
Nihat