Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda evdə "Qarabağ"a 2:4 hesabı məğlub olan "Braqa"nın yarımmüdafiəçisi Joau Moutinyu yenilgini dəyərləndirib .
Fanat.Az xəbər verir ki, "O Jogo" 37 yaşlı futbolçunun dediklərini belə çatdırıb:
"Sportinq" (0:5) və "Qarabağ"dan alınan məğlubiyyətlər istəmədiyimiz nəticələrdir. Çempionatdakı ağır yenilginin ardından fərqli oyunla diqqət çəkmək istəyirdik, amma alınmadı. Nəinki qələbəni, heç bərabərliyi də haqq etmirdik. Başda özüm olmaqla, hamımız meydanda daha çox çalışmalıyıq. Gücümüzü sözdə yox, əməldə göstərməliyik.
Bilirdik ki, oyun 1:4 hesabı ilə bitsə, cavab oyununda işimiz həddindən artıq çətin olacaq. Hələ mənin sonda vurduğum qoldan sonra da hər şey mürəkkəbdir. Bu qol müəyyən ümid işığı anlamındadır, ancaq hədəfimizə çatmaq istəyiriksə, daha çox şey etməyi bacarmalıyıq. "Qarabağ"a fərqli yanaşmalıyıq. Rəqib yaxşı komanda olduğunu və mərhələni adlaya biləcəyinə inandığını isbatladı".