İkinci Liqanın iddialı komandalarından olan "Baku Sportinq" növbəti mövsümdən Birinci Liqada iştirak etmək əzmindədir. Hazırda lider mövqeyində qərarlaşan komanda artıq növbəti mövsümün planlarını cızaraq, peşəkarlıq yolunda daha bir addım atıb. Belə ki, əvvəllər Binə qəsəbəsində ev oyunlarını keçirən kollektiv yeni sezondan fərqli məkanı təmsil edəcək.
Fanat.Az-a "Baku Sportinq"in mətbuat xidmətindən verilən məlumata görə, "Baku Sportinq" Bakı kəndlərindən birinə köçəcək.
"Buzova qəsəbəsinin keçmiş təmsilçisi "Xəzri"nin stadionunu təmir etmişik. Təbii ot örtüyünü və tirbunaları bərpa etmişik. Hədəfimiz Birinci Liqada çıxış etməkdir. Gələn mövsümdən etibarən Birinci Liqada Buzovnanı təmsil edəcəyik. Mətbuat otağı və hakim otaqlarını da bərpa etmişik. Stadionda görüləsi kiçik işlər qalıb. Bu işlər də yekunlaşan kimi stadiona köçəcəyik".
"Baku Sportinq" 18 turdan sonra 42 xalla hazırda İkinci Liqanın lideridir.
Nahid Ustaclı