Misli Premyer Liqasının 32-ci turunda "Neftçi" evdə "Turan Tovuz"u qəbul edib. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundan sonra gənc hücumçu Ağadadaş Salyanski ilə söhbətləşdik.
19 yaşlı forvard Fanat.Az-a açıqlamasında ilk öncə oyun haqda təəssüratlarını bölüşüb:
“Maraqlı bir oyun keçdi. Yaxşı hazırlaşmışdıq. Bizim üçün bu qələbə vacib idi. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırdıq. Sabah istirahət edib, qələbənin sevincini çıxaracağıq. Sonra isə “Qarabağ”la oyuna köklənəcəyik. Azarkeşlər də sağ olsunlar ki, tribunalara döndülər və bu gün 90 dəqiqə dayanmadan bizə dəstək oldular. Nəticəsini də gördülər. Azarkeşlərin bu qələbədəki rolunu qeyd etməliyəm”.
Salyanski son matçlarda ona daha çox oyun vaxtı verilməsi haqda danışıb: “Hər şey məşqçinin fikrindən asılıdır. Özüm də hazırlaşıram, artıq son turlardır. İstəyirəm ki, indidən təcrübə qazanım və gələn mövsüm əsas heyətin daimi üzvü olum”.
Sonda gənc futbolçu gələn turda üzləşəcəkləri "Qarabağ"la görüşə hazırlıqdan danışıb: “Qarabağ” güclü rəqibdir. Biz onlarla son oyunlarımızı analiz edəcəyik. Ümid edirəm ki, oyuna yaxşı hazırlaşıb, yaxşı nəticə qazanacayıq".
Nahid Ustaclı