
Azərbaycan futbolunun gələcəyinin yeniyətmələr və gənclər olduğu ən sadə məntiqlə, hər kəsə bəllidir. Ölkəmizin U-17 və U-20 komandaları Qəbələdəki toplanışları da Azərbaycanla Özbəkistanın birgə təşkilatçılığı ilə 2027-ci ildə baş tutacaq U-20 dünya çempionatına hazırlığa hesablanıb. Bəs görəsən bu toplanışlar ilıq ümidlərə əsas verdimi? Pro kateqoriyalı mütəxəssis, B və A kateqoriyalı məşqçi kurslarında təlimçi qismində fəaliyyət göstərən Zamir Həsənovla əlaqə saxlayıb toplanışları dəyərləndirməsini xahiş etdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"U-17 və U-20 milli komandalarının təlim-məşq toplanışı Qəbələdə keçirildiyindən hazırlıq oyunlarını canlı izləmək imkanımız oldu. İlk olaraq U-17 millimizin toplanış ərəfəsində Qazaxıstana qarşı keçirdiyi ikinci oyunu izlədik. Təəssüf ki, U-17 ilə bağlı təəssüratlarım heç də pozitiv olmadı. Yeniyetmə futbolçularımızın texniki bacarıqlarındakı çatışmazlıqlar məni çox təəccübləndirdi. Çünki texniki hazırlıq arzuolunan səviyyədə deyilsə, futbolun digər komponentləri barədə danışmaq daha da çətinləşir.
Bu gün futbolda heç də ən inkişaf etmiş ölkələrdən sayılmayan Qazaxıstanın yeniyetmələri qarşısında aciz görünməyimiz (0:1) Azərbaycan futbol ictimaiyyəti üçün ciddi siqnaldır. Çünki milli komanda klubların yetişdirdiyi futbolçular əsasında formalaşır. Kimisə günahlandırmaq mümkündür, lakin sonda uduzan yenə də Azərbaycan futbolu olacaq. Biz yalnız klublar və federasiyanın koordinasiyalı iş birliyi ilə bu problemi həll edə bilərik.
U-20 milli komandası ilə bağlı fikir bildirmək mənim üçün daha asandır. Çünki uzun müddət bu yaş qrupunun futbolçuları ilə birlikdə çalışmışıq. Komandanın oyuna fərqli oyun planı ilə çıxdığı hiss olunurdu və meydanda görünürdü ki, futbolçular bu plana uyğun hazırlaşıblar. Bəzi mövqe rotasiyaları diqqətimi çəkdi və bir qədər mənim üçün təəccüblü göründü. Lakin düşünürəm ki, baş məşqçinin qarşıda kifayət qədər vaxtı var və belə axtarışlar hazırlıq mərhələsində normal qarşılanmalıdır. U-20 millisini Pakistanla oyuna (1:0) əsasən qiymətləndirməyin tələskən qərar olacağını düşünürəm. Komandanı daha keyfiyyətli rəqiblərə qarşı keçirəcəyi oyunlardan sonra qiymətləndirmək və daha obyektiv nəticəyə gəlmək mümkün olacaq".
Nihat