
Avqustun 14-də Misli Premyer Liqasının 1-ci turu start götürəcək. Bu yay Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən, turnirin 2-ci təsnifat mərhələsində Estoniya "Payde"sinə uduzaraq (0:1, 1:1) mübarizəni dayandıran "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovdan komandasının çempionata nə dərəcədə hazır olduğunu, yeni transferlərin olub-olmayacağını soruşduq.
44 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Bu yay həm təlim-məşq toplanışı keçmişik, həm də yoxlama oyunlarına və avrokubok matçlarına çıxmışıq. Ümumi baxsaq, yaxşı hazırlaşdığımızı düşünürəm. Çempionata nə dərəcədə hazır olduğumuzu oyunlarımız göstərəcək.
Hələ istədiyimiz transferləri reallaşdıra bilməmişik. Beş-altı futbolçu var ki, onları da heyətə qatmaq istəyirik. Danışıq apardıqlarımız, anlaşa bilmədiklərimiz, izlədiyimiz futbolçularımız var. Yəni transfer pəncərəsi bağlanana qədər sıralarımıza daha beş-altı futbolçu cəlb etməliyik. Komandadan xeyli sayda futbolçu ayrılıb. Hazırda heyətimiz kasaddır. Həmişə olduğu kimi avrokuboklara vəsiqə verən yerlər uğrunda mübarizə aparmağı hədəfləmişik".
Xatırladaq ki, "Zirə" ilk oyununu öz meydanında "Şəfa"ya qarşı keçirəcək. Avqustun 16-da baş tutacaq görüşün start fiti 21:00-da səsləndiriləcək.
Nihat