
Bu gün Misli Premyer Liqasında 2026/27 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə baş tutan yeganə qarşılaşmada “Turan Tovuz” ilə “Qəbələ” üz-üzə gəliblər. Meydan sahibləri minimal hesablı qələbəni bayram ediblər.
Matçdan sonra keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Kaxabet Tsxadadze oyunla bağlı fikirlərini bölüşüb:
"Yeni mövsümün başlaması münasibəti ilə hamını təbrik edirəm. Eyni zamanda avrokuboklarda növbəti mərhələyə yüksələn "Sabah" və "Qarabağ"a uğurlar arzu edirəm. Yaxşı, maraqlı oyun oldu. Görüş bərabər mübarizə şəraitində keçdi. Birinci hissədə bir səhv etdik və rəqib fərqləndi. Bundan başqa, "Turan Tovuz"un ciddi qol epizodları olmadı.
İkinci hissədə rəqibi sıxdıq, təhlükəli vəziyyətlər yaratdıq. Son ötürmələrdə və zərbələrdə soyuqqanlılıq çatmadı. Bu heyətlə ilk oyuna çıxırdıq. Buna baxmayaraq, komandada böyük potensial gördüm. Bir qədər də artırıb növbəti oyunlarda uğurlu nəticələr əldə etməyə çalışacağıq.
Uzaq məsafə qət edib Tovuza gələn azarkeşlərimizə təşəkkür edirəm. Ötən mövsüm də çətin vəziyyətdə olarkən sonadək komandaya dəstək oldular".