
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının son toplanışına dəvət alan və yoxlama oyunlarında iştirak edən gənc hücumçu Lorenzo Metsoteronun taleyinə aydınlıq gəlib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolun sirlərinə Azərbaycanda yiyələnən, öncə "Qarabağ"ın, ardından "Neftçi"nin aşağı yaş qrupları üzrə komandalarında çıxış edən italiyan forvarda idman vətəndaşlığı verilib.
Artıq onun klubu "Sampdoriya"ya da bu barədə bildiriş göndərilib. Yeri gəlmişkən, Lorenzo bir neçə gün öncə İtaliya millisindən də təklif alıb. Lakin Azərbaycan seçməsində oynamağı hədəflədiyini bildirən ön xətt oyunçusu bu çağırışı müsbət cavablandırmayıb.
Xatırladaq ki, valideynləri ölkəmizi tərk etdiyi üçün 13 yaşında Bakıdan ayrılan "Neftçi"nin yetirməsi daha sonra "Atalanta"nın strukturunda olub. "Ağ-qaralar"ın aşağı yaş qrupları üzrə komandalarında başqalarından seçilən yeniyetmənin yolu İspaniyadan da keçib. Bir mövsüm Barselonadakı "Marcet" akademiyasında olan gənc istedad 2024-cü ilin sentyabrında qoşulduğu "Sampdoriya"nın U-19 komandasında qolları sıralayıb və bu ilin fevralında klubu ilə peşəkar müqavilə bağlayıb.
Nihat