Tokio 2020 Yay Olimpiya Oyunlarında yaşanan uğursuzluq bir sıra idman federasiyalarını islahatlara getməyə məcbur etdi.
Cüdo Federasiyası "quru" nəticədən sonra kişilərdən ibarət millinin məşqçilər heyəti ilə yollarını ayırdısa, Olimpiadada bir idmançı ilə də təmsil oluna bilməyən Ağır Atletika Federasiyasında qurumun tamamilə yenidən təşkili ilə bağlı qərar qəbul edildi. Həmçinin Üzgüçülük Federasiyasının fiasko səbəbindən ukraynalı məşqçi Sergey Bondarı istefaya göndərməsi haqda sizlərə məlumat vermişdik.
Beş illik fəaliyyətinin nəticəsi milliləşdirilmiş kubalı Loren Alfonso Domingesin "bürünc"ü olan Boks Federasiyasının oxşar addımlar atması gözlənilsə də, qurumdan hələ ki səs-soraq çıxmır.
Fanat.Az olaraq məsələ ilə bağlı federasiyanın mövqeyini öyrənməyə çalışdıq.
Cavab qısa oldu: "Yaxın zamanda federasiyada iclas keçiriləcək. Qəbul olunan qərarlar ictimaiyyətə açıqlanacaq".
Sahib Əsədbəyli