Lüksemburqda keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının fərdi yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, son gündə oğlanların 90, 100, +100, qızların 78 və +78 kiloqram çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib.
Bu gün Azərbaycan komandasının daha bir üzvü tatamiyə çıxıb. 100 kq-da mübarizə aparan Ruslan Nəsirli 1/8 finalda məğlub olaraq medal şansını itirib.
Beləliklə, Lüksemburqa 12 nəfərlik (9 oğlan, 3 qız) heyətlə yollanan Azərbaycan komandası yarışı bir "gümüş"lə tamamlayıb və medal sıralamasında 11-ci olub.
Yığmamıza yeganə mükafatı qızların 48 kiloqram çəki dərəcəsində çıxış edən Aydan Vəliyeva qazandırıb.
İlk yeri 4 qızıl, 1 gümüş, 1 bürünc medalla Rusiya tutub. Fransa ikinci (3 "qızıl", 4 "gümüş", 1 "bürünc"), Gürcüstan üçüncü olub (1 "qızıl", 2 "gümüş", 2 "bürünc").
Qeyd edək ki, 43 ölkədən 351 cüdoçunun iştirak etdiyi qitə birinciliyində sabah qarışıq komanda yarışı baş tutacaq. Millimiz bu mübarizədə təmsil olunmayacaq.
Sahib Əsədbəyli