
Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin "Kolambus Kryu"dan Türkiyənin "Ərzurumspor" klubuna keçidinin detalları bəlli olub.
Bu barədə Fanat.Az-a açıqlamasında futbolçunun meneceri Tural Əsgərov məlumat verib:
"Təxminən 20 gün, bir aya yaxın idi ki, "Ərzurumspor"dan təklif almışdıq. Bu müddətdə danışıqlar getdi. Nərimana 2 başqa klubdan da ciddi maraq var idi. Onlar Türkiyə klubları deyildilər. "Ərzurumspor" variantı baş tutmasaydı, digər klublarla da icarə variantı müzakirə olunurdu. Bir sözlə, MLS təmsilçisi Nərimanın icarəyə getməsinə razılıq vermişdi. Yekunda şərtlər maraqlı tərəflərin hər birini qane etdi. "Kolambus Kryu" da "Ərzurumspor"la razılığa gəldi. Super Liqa təmsilçisi ilə bir illik icarə müqaviləsi razılaşdırıldı. Anlaşmada "Ərzurumspor"un mövsümün sonunda futbolçunun transfer hüququna yiyələnmək hüququ da əksini tapıb. Onu da deyim ki, keçid hələ tam rəsmiləşməyib. Mətbuat, o cümlədən klub özü az qala keçidin 100 faiz reallaşdığını iddia edir. Düzdür, böyük ölçüdə razılığa gəlinib, amma hələ müəyyən detallar qalır. Yəqin ki, o məsələlərin yoluna qoyulması iki gün çəkəcək. Qeyri-adi nəsə baş verməsə, transfer həftəiçi rəsmən elan olunacaq".
Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində 7 oyunda meydana çıxsa da, fərqlənə bilməyib. "Ərzurumspor" Türkiyə Super Liqasının debütantıdır. Sözügedən komanda son mövsümdə 1-ci Liqanın qalibi kimi elitaya vəsiqə əldə edib.
Mirağa