
"Boluspor" Elvin Yunuszadə ilə rəsmi müqavilə imzalayıb.
Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.
Elvin Yunuszadə karyerası ərzində "Neftçi" (Bakı) və "Qarabağ" klublarının heyətində ümumilikdə beş dəfə Azərbaycan Premyer Liqasının qalibi olub və beş dəfə Azərbaycan Kubokunu qazanıb.

Avropa miqyaslı yarışlarda zəngin təcrübəyə malik olan Yunuszadə 2012/13 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olan "Neftçi"nin heyətində yer alıb və həmin mərhələdə üç oyunda meydana çıxıb. Təcrübəli müdafiəçi həmçinin 2017/18 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan komandası olan "Qarabağ"ın heyətində çıxış edib. O, bu turnirdə "Atletiko Madrid", "Çelsi" və "Roma" kimi nəhəng Avropa klublarına qarşı keçirilən oyunlarda iştirak edib.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən Yunuszadə Azərbaycan milli komandasının da şərəfini qoruyub.