Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yarışına yekun vurulub.
Fanat.Az xəbər verir ki, turnirin sonuncu - ikinci günündə Azərbaycan yığmasının üzvləri daha 1 qızıl və 2 bürünc medal qazanıblar.
Millinin aktivinə qızıl medalı qızların 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Fidan Əlizadə yazdırıb. O, finalda macarıstanlı İnez Boqnarı yenib. Bürünc mükafatlara isə oğlanların 73 kq çəkisində Süleyman Əliyev və Əli Hacızadə sahib çıxıblar.
Beləliklə, Buxarestə 20 idmançı ilə yollanan Azərbaycan komandası yarışı 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub. Bununla, ölkəmiz yalnız Türkiyədən (4 qızıl, 1 gümüş, 5 bürünc) geri qalaraq 2-ci yeri tutub.
Qeyd edək ki, Avropa Kubokunda 25 ölkədən ümumilikdə 348 (220 oğlan, 128 qız) cüdoçu iştirak edib.