Bu gün Polşada ölkə kubokunun oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvləri Mahir Emreli və Anton Krivotsyukun komandaları da bu gün 1/32 finaldan yarışa qoşulacaqlar.
Emrelinin komandası "Legiya" səfərdə baş tutacaq bir oyundan ibarət görüşdə "Viqri" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Suvalki təmsilçisi ilə matçda son həftələrdə meydanda daha az vaxt keçirən oyunçuların şans qazanacağı bildirilir. Baş məşqçi Çeslav Mixneviç komandada bu mövsüm hələ debüt etməyən gənc oyunçulardan bir neçəsinə (reqlamentə görə kubokda start heyətində azı iki gənc futbolçu yer almalıdır - red.) şans verəcəyini bildirib. Əsas heyət üzvlərindən Artur Boruç, Artur Yodreyçuk, Mateuş Viteska, Mattias Yohansson, Andre Martins, Bartoş Şlis, Filip Mladenoviç, Luqunyas və Tomas Pekhart Suvalkiyə aparılmayıb.
Krivotsyuka gəlincə, "Visla" da səfərdə oynayacaq. Plotsk təmsilçisi 1-ci liqa komandası "Korona" ilə qarşılaşacaq. Rəqibin hazırda aşağı liqanın lideri olduğunu əlavə edək. "Korona" - "Visla" görüşü Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Mirağa