Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov Türkiyə Qran-prisinin təqvimdə yer almasının Azərbaycandakı yarışa təsir edib-etməyəcəyinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Rəhimov bu məqamı səyahət baxımından müsbət amil kimi dəyərləndirsə də, Bakıdakı Qran-priyə təsiri barədə bir söz deməkdə çətinlik çəkdiyini söyləyib.
"Türkiyə bizim üçün rəqib ola bilər. Amma onların hər il yarış təşkil edəcəyinə əmin deyiləm" deyən icraçı direktor buna baxmayaraq eyni bölgədə iki yarışın təşkilinin Qran-priyə töhfə verəcəyini sözlərinə əlavə edib: "Bəli, Türkiyədə çoxlu azarkeş var. Düzü, biz Soçi ilə eyni vaxtda "Formula 1" keçirməyə başlamışıq. Ancaq Rusiyadan daha çox marağın olduğunu görürük. Onlar bizim üçün azarkeş gətirən bir nömrəli ölkədir. Türkiyədə də Qran-pri təşkil edilsə, insanlar idmandan həzz alıb fərqli ölkələrə getməyə qərar versə, bu bizim üçün yaxşı olar".
Rəhimov "Formula 1" təqvimində hələ də boşluqların olduğunu vurğulayıb: "Hazırda 22 yarış var və yaxın zamanda təqvimdən çıxarılan bir neçə yarış olacaq. Növbəti ildən bəzi Qran-prilərin təqvimə əlavə ediləcəyini bilirik. Məsələn, qarşıdan Mayami Qran-prisi gəlir. Ancaq yenə də 25 yarışa çatmaq üçün boşluqlar var. Bizim təqvimə yeni gələn yarışlarla rəqabətdə olduğumuzu düşünmürəm. Azarkeş baxımından təqvimə Səudiyyə Ərəbistanı Qran-prisinin əlavə edilməsi möhtəşəmdir. Daha çox Yaxın Şərqdə Bəhreyn və Birləşmir Ərəb Əmirliklərində mübarizə var. Səudiyyə Ərəbistanından azarkeşlər bizim yarışa gəlirlər. Yaxın Şərqdəkilər səyahət etməyi və Azərbaycanı sevirlər. Bunu dəqiq deyə bilərəm. Bu səbəbdən, həmin ölkədə Qran-pri keçirilməsinin onların Azərbaycana gəlməsinə mane olacağını düşünmürəm. Mayami isə fərqlidir. Onların bazarı ayrıdır".
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan Qran-prisi start götürəcək. Mövsümün 6-cı mərhələsinə iyunun 6-da yekun vurulacaq.
Fanat.Az