
Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasında çıxışını davam etdirir. Qurban Qurbanovun baş məşqçisi olduğu təmsilçimiz növbəti iki oyununu Bakıda "Ayaks" və "Ayntraxt"a, son matçını isə İngiltərədə "Liverpul"a qarşı keçirəcək.
Fanat.Az xəbər verir ki, bərbad performansla diqqət çəkən "Liverpul"u "Qarabağ"la oyuna yeni baş məşqçinin çıxaracağı gözlənilir.
ÇL-in son oyununda Niderlandın PSV komandasına 1:4 hesabı ilə uduzan mersisaydlıların baş məşqçisi Arne Slotun postundan göndəriləcəyi an məsələsidir. Hətta onu əvəzləyəcək mütəxəssisin də kimliyi böyük ölçüdə bəllidir. "Mirror"-un məlumatına görə, "Liverpul" "Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidanı yola gətirməyə çalışır. "Kral klubu"ndan ayrıldıqdan sonra işsiz qalan fransalı əfsanənin də təklifə isti yanaşdığı bildirilir.
"Liverpul" Çempionlar Liqasının turnir cədvəlində 13-cü pilləyə geriləyib. İPL-in son qalibi çempionatın turnir cədvəlində 9-cu sırada qərarlaşıb.
Mirağa