
"Mançester Yunayted"in yarımmüdafiəçisi Əmir İbrahimov Rusiya millisinə keçib.
Fanat.Az xəbər verir ki, 18 yaşlı futbolçu bunu sosial media hesabı vasitəsilə açıqlayıb.
O, belə paylaşım edib: "Hamıya salam! Mən Rusiya yığmasındayam".
İbrahimov milli komandanın qarşıdakı yoldaşlıq oyunları üçün yekun heyətinə daxil edilib. Valeri Karpinin yetirmələrinin üç yoldaşlıq oyunu planlaşdırılıb. Rusiya millisi Misir, Burkina Faso və Trinidad və Tobaqo komandaları ilə qarşılaşacaq.
Əslən Dağıstandan olan, 11 yaşında ailəsi ilə birlikdə İngiltərəyə köçən Əmir "Şeffild Yunayted" akademiyasında futbol oynamağa başlayıb. 2021-ci ildə isə "Mançester Yunayted"ə qoşulub. "Qırmızı şeytanlar"ın gənclər komandalarının kapitanı olan gənc yarımmüdafiəçi əsas komandanın oyunlarında da iştirak edib.
O, İngiltərənin 15 və 16 yaşadək milli komandalarında oynasa da, sonda Rusiyanı seçib. Onun qarşıdakı görüşlərdə debüt edəcəyi gözlənilir.
Rusiya 2022-ci ilin fevral ayından etibarən FİFA və UEFA-nın qərarı ilə beynəlxalq turnirlərdə iştirakdan kənarlaşdırılıb.
Mirağa