
"Fənərbağça"nın prezidenti Əziz Yıldırım "Liverpul"dan azad agent kimi ayrılan misirli hücumçu Məhəmməd Salahın mümkün transferi ilə bağlı fikirlərini bildirib.
Fanat.Az xəbər verir ki, Türkiyə klubunun yenidən seçilən rəhbəri 33 yaşlı hücumçunun maliyyə tələblərinin son dərəcə yüksək olduğunu, lakin transferin mümkünlüyünü istisna etmədiyini deyib.
Yıldırım NTV-yə verdiyi açıqlamada belə danışıb:
"Məhəmməd Salah 20 milyon avro maaş istəyir. Vergilər də daxil olmaqla, bu, 30 milyon avrodur. Salah üç illik müqavilə istəyir və bu müqavilənin ümumi dəyəri 90 milyon avro edir. Çox ehtiyac olarsa, onu transfer edəcəyik" .
Məhəmməd Salah 2017-ci ilin yayından bəri "Liverpul"da oynayırdı. Misirli futbolçu "qırmızılar"la iki Premyer Liqa titulunu, Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Super Kubokunu, İngiltərə Kubokunu və iki Liqa Kubokunu qazanıb.
Salah "Liverpul"da oynadığı müddətdə 435 oyun keçirib, 255 qol vurub və klub tarixinin ən çox qol vuran oyunçular siyahısında üçüncü yeri tutub.
Mirağa