
"Vest Hem"in yarımmüdafiəçisi Mateuş Fernandeş İngiltərədə klubunu dəyişə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Mənbənin məlumatına görə, "Mançester Yunayted" 21 yaşlı portuqaliyalıya təklif irəli sürməyə hazırlaşır. "Mankunianlar"ın yay üçün əsas transfer hədəfi olan Mateuş MY-nin uzunmüddətli layihəsinin vacib bir hissəsinə çevrilə bilər.
Lakin transfer barədə razılığa gəlmək asan olmayacaq. "Vest Hem" oyunçusunu təxminən 80 milyon funt sterlinqə qiymətləndirir və əsas oyunçularından biri ilə ayrılmağa tələsmir. "Mançester Yunayted" bu məbləği çox yüksək hesab edir və qarşı tərəfin güzəştə gedəcəyinə inanır.
Fernandeş ötən yay "Vest Hem"ə keçib. London klubu onun üçün təxminən 38 milyon funt sterlinq ödəyib və portuqaliyalı futbolçu cəmi bir mövsümdə bazar dəyərini xeyli artırıb.