
İrlandiya milli komandası Millətlər Liqasında İsraillə ev oyununu neytral meydanda və azarkeşsiz keçirəcək.
Fanat.Az xəbər verir ki, oyunun 4 oktyabrda Dublin şəhərindəki "Aviva" stadionunda keçirilməsi planlaşdırılırdı.
Lakin irlandiyalı futbolçular, azarkeşlər və məşhurlar Qəzzadakı müharibə səbəbindən oyunu boykot etməyə çağıran kampaniya başladıblar. Gözlənilən etirazlar səbəbindən İrlandiya Futbol Assosiasiyası (FAI) matçın neytral məkanda və azarkeşsiz keçirilməsinə qərar verib.
FAI-nin açıqlamasında deyilir: "Müxtəlif maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra assosiasiya əməliyyat çətinliklərinin matçın ev meydanında oynanılmasına təsir göstərə biləcəyi və buna görə də matçın "Aviva" stadionunda keçirilməyəcəyi qənaətinə gəlib".
FAI-nin bəyanatında həmçinin vurğulanıb ki, Fələstin Futbol Assosiasiyası İrlandiya Futbol Assosiasiyasının Fələstin xalqının və idmançılarının hüquqlarını dəstəkləməkdə prinsipial mövqeyinə görə minnətdarlığını bildirib".