
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında fikirlərini belə bildirib:
“Əslində bütün çalışmalarımız Premyer Liqada növbəti mövsümə hazırlıq üzərində qurulmuşdu. Bir neçə gün öncə avrokuboklarda iştirak etməli olduğumuzu bildik və bizim üçün gözlənilməz oldu. Bu mərhələdə isə rəqibimiz “Torpedo”dur. Rəqib çox təcrübəli komandadır. Mütəmadi avrokuboklarda iştirak edir. Heyətləri keyfiyyətli yerli və legioner futbolçulardan ibarətdir. Komandanı təcrübəli alman mütəxəssis çalışdırır.
Hazırda Gürcüstan çempionatı davam edir və bunu rəqib üçün üstünlük saymaq olar. Rəqibə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşıb, sonda mərhələ keçən tərəf olmaq istəyirik”.
Gürcüstanın “Torpedo” (Kutaisi) komandasına rəqib olan “Zirə” ilk oyununu iyulun 9-da, cavab görüşünü 16-da keçirəcək.