
Azərbaycanlı futbolçu Cəlal Hüseynov karyerasını Rumıniyada davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 23 yaşlı müdafiəçi "Arda"dan ayrılaraq "Petrolul"a keçib.
Millimizin üzvünün keçidini Ploiesti təmsilçisi rəsmi saytı vasitəsilə elan edib. Cəlalla 2 illik müqavilə imzalanıb.
"Petrolul"un təqdimatında bildirilib:
"Petrolul" növbəti iki mövsüm üçün azərbaycanlı Cəlal Hüseynov (23 yaş) ilə razılıq əldə etdi. Həm müdafiənin mərkəzində, həm də yarımmüdafiədə istifadə oluna bilən arxa xətt profilli oyunçusu (1,85 metr) ötən mövsüm Bolqarıstan birinci divizionunda inkişaf edib, çempionatda, kubokda və Konfrans Liqasında ümumilikdə 39 matça çıxıb. Daha əvvəl o, doğma ölkəsində "Zirə" və "Şamaxı" klublarında oynayıb. Son beş ildə isə ardıcıl olaraq 26 matç keçirdiyi Azərbaycanın əsas milli komandasına çağırılıb. Onun ən son çıxışı 9 iyun tarixində start heyətdə yer aldığı San Marino ilə yoldaşlıq oyunu olub".