
"Beşiktaş" yay transfer pəncərəsinin ən çox müzakirə olunan keçidlərindən birini həyata keçirməyə hazırlaşır.
Fanat.Az "Foto Maç"a istinadən xəbər verir ki, "ağ-qaralar" hazırda "Real Madrid"də çıxış edən 23 yaşlı mərkəz müdafiəçisi Raul Asensionun transferi istiqamətində ciddi irəliləyiş əldə ediblər.
Müdafiə xəttini uzunmüddətli töhfə verə biləcək gənc və yüksək potensiallı oyunçu ilə gücləndirməyi hədəfləyən klub rəhbərliyinin ispan futbolçu ilə bağlı danışıqlarda yekun mərhələyə yaxınlaşdığı bildirilir. Hazırda geridə qalan kiçik məsələlərin həlli istiqamətində işlərin davam etdiyi və transferin tezliklə uğurla tamamlanmasının gözlənildiyi qeyd olunur.
Bildirilir ki, "Real Madrid"dəki güclü rəqabət səbəbindən daha çox oyun vaxtı qazana biləcəyi bir komandaya keçməyə müsbət yanaşan Asensio "Beşiktaş"ın təklif etdiyi layihəni müsbət qarşılayıb. Klubun rəhbərliyi transferi tezliklə yekunlaşdırmağı və gənc müdafiəçini mövsümöncəsi təlim-məşq toplanışına cəlb etməyi hədəflədiyi qeyd olunur.
Xatırladaq ki, ümumilikdə 34 matça çıxan oyunçu 2 qola imza atıb.
Əlisahib İbrahimli