
Sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” da növbəti oyununa çıxacaq. Ötən həftə Finlandiyanın "KuPS" kollektivinə “Bank Respublika Arena”da 1:0 hesabı ilə qalib gələn "bayquşlar" Kuopiodakı "Vare Areena"da növbəti mərhələyə adlamağa çalışacaq.
Komandanı səfərdə ən azı 50 azarkeş dəstəkləyəcək.
Bunu Fanat.Az-a klubun mətbuat sözçüsü Elnur Həmidov bildirib:
"Hazırda 50-yə yaxın azarkeşin stadiondan dəstəkləməsi gözlənilir. Sabah oyun saatına kimi bu say dəyişə bilər. Finlandiyada Azərbaycan səfirliyi yoxdur. Amma Finlandiya -Azərbaycan evindən əlaqə saxlayıb, azarkeş məsələsi ilə bağlı dəstək verəcəklərini deyiblər".
"Vare Areena" 5000 tamaşaçı tutumuna malikdir.
Xatırladaq ki, "Sabah" ÇL-in 1-ci mərhələsində Uels təmsilçisi TNS-i hər iki matçda yenərək (Bakıda 2:0, səfərdə 2:1) mərhələ adlayıb. Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda "KuPS"-u mübarizədən kənarlaşdıracağı halda, ən azı Konfrans Liqasının Liqa mərhələsində iştirakını təmin edəcək.
Mirağa