
"İmişli" yeni mövsümə yerli məşqçinin rəhbərliyi altında başlayacaq. Komandanı Premyer Liqaya çıxaran, ancaq bundan sonra postunu portuqaliyalı Jorje Kaşkilyaya təhvil verməli olan Fərid Namazov yenidən baş məşqçi vəzifəsini icra edir.
Çempionatın startı ərəfəsində gənc mütəxəssisə bir neçə sual ünvanlayıb komandanın hazırlıq prosesi ilə maraqlandıq.
Onun Fanat.Az-ın əməkdaşı ilə söhbəti belə alındı:
- Heyəti formalaşdıra bilmisinizmi?
- Buna çalışırıq. Amma hələ çatışmazlıqlarımız var.
- Komanda yeni mövsümə nə dərəcədə və sizcə, neçə faiz hazırdır?
- Əlbəttə, hələ tam istədiyimiz formada deyilik. Yoldaşlıq görüşləri ilə çempionat oyunları fərqli atmosferdə, çətinlikdə olur. Onun üçün tam bir söz deməyim düzgün deyil. Amma maksimal dərəcədə yaxşı hazırlaşmağa çalışırıq.
- Çempionatın startına qədər yeni transferlər olacaqmı?
- Əslində, komandanın heyəti demək olar formalaşır. Bəlkə bundan sonra maksimum 1 və ya 2 oyunçu ilə güclənək. Amma dediyim kimi, heyət böyük ölçüdə formalaşıb.
- Dediyiniz 1-2 oyunçu hansı mövqelərə cəlb oluna bilər?
- Yəqin müdafiə xəttinə əlavələrimiz olacaq. Qalan mövqelərdə demək olar, yetərincə sayımız var.
Mirağa