
"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Orhus" ilə qarşılaşacaq. İlk matçda minimal hesabla məğlub olan (1:2) "bayquşlar" Danimarka təmsilçisini azarkeşləri önündə qonaq edəcək.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb Masazırda oynanılacaq cavab oyunu ilə bağlı nə düşündüyünü soruşduq.
Təcrübəli mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"İlk qarşılaşmada "Sabah" yüksək səviyyəli oyun keçirdi. Öz sistemlərini olduğu kimi davam etdirməlidirlər. Sakit oynamaq lazım deyil, çünki elədə matçı əldən verə bilərlər. Təzyiq göstərmək və sona kimi mübarizə aparmaq lazımdır. Qol vuran hücumçu yoxdur. Son toxunuşlarda çətinlik çəkirlər. Səfər matçında yaxşı oyun nümayiş etdirdilər. Komandanın oyun planı getdikcə daha da yaxşı olacaq. Lakin onu deyə bilərəm ki, yeni oyunçular lazımdır. Üç yerdə mübarizə aparacaqlar və bunun üçün transfer etmək önəmlidir. Bunun üçün də bir-birini uğurlu şəkildə əvəz edəcək futbolçulara ehtiyac var. Analizlər üzərində işləmək vacibdir. Səhvlərə yol verməməliyik. Xəta dedikdə isə sakit oynamamalı və yorğunluq zamanı vaxtında dəyişiklik etmək önəmlidir. Azarkeşlər də olacaq, bu da "Sabah"ı bir addım daha önə çıxarır. Ciddi problemləri yoxdur. Müdafiəçilər inamlı oynayırlar və kompensasiya etməyi bacarırlar. Orta xətt də öz işini görür. Həmçinin hücum xətti də gözəl oyun nümayiş etdirir. Yalnız sol cinahdan hücum planında istədiklərini edə bilmirlər və məncə, ora daha yaxşı oyunçu almaq olar. Daim cərimə meydançasında oynamaq lazımdır. Bu, həm qol vura bilmək, həm də epizodlar yaratmaq üçün önəmlidir. Düşünürəm ki, "Sabah" qalib gələcək və mərhələ adlayan tərəf olacaq".
Qeyd edək ki, cavab matçı sabah saat 20:00-da start götürəcək.
Əlisahib İbrahimli