
"Qarabağ" UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsi cavab matçında Kiyev "Dinamo"su ilə qarşılaşacaq. Xatırladaq ki, Ağdam təmsilçisi ilk matçda səfərdə minimal hesabla (0:1) məğlub olub.
Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb cavab oyunu ilə bağlı düşüncələrini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Dinamo Kiyev"ə qarşı ilk matçda "Qarabağ" məğlub olmaya bilərdi, bərabərlik əldə etmək olardı. Rəqib əks-hücuma yaxşı çıxmağı bacaran kollektivdir, ancaq Ağdam təmsilçisi evdə yüksək performansda oyun nümayiş etdirə bilir. İlk qarşılaşmadan sonra da, yəqin ki, ukraynalıları analiz ediblər. Hansı hallarda qol vura bilmək olar, bunları artıq Qurban Qurbanovun texniki heyətinin şübhəsiz ki, müəyyənləşdirib. Cinah oyunçuları bu matçda aktiv olmalıdır. Abdullah Zubir və Aleksey Kaşuk fəal olmalıdırlar. Kaşuk səfərdə yaxşı oyun nümayiş etdirmişdi və düşünürəm ki, yenə baxımlı performans sərgiləyəcək. Azərbaycan təmsilçisinin Bakıda çoxlu qol epizodları olacaq. Polşada oynayarkən "köhlənlər" qol imkanları yaratmağı bacarmışdı. Rəqibin müdafiə xəttini birə-bir mübarizələrdə keçə bilərik. Məsələn, Mateus Silva dəfələrlə bunun öhdəsindən gəldi. Jali Muaddibin yaxşı texnikası var və rəqibini geridə qoymağı bacara bilər. Məncə, Ukrayna təmsilçisini məğlub edəcəyik və bir qol yüz faiz vuracayıq. Sadəcə, əks-hücumlardan ehtiyyatlı olmalıyıq. Topa nəzarət və qol imkanları baxımından "Qarabağ" üstün olacaq".
Qeyd edək ki, görüş bu gün saat 20:00-da start götürəcək.
Əlisahib İbrahimli