
"Zirə" Misli Premyer Liqasının birinci turunda "Şəfa ilə qarşılaşıb. "Qartallar" 2:0 hesabı ilə qalib gəlib.
Meydan sahiblərinin müdafiəçisi Anje Mutsinzi oyundan sonra Fanat.Az-a danışıb.
- Görüş barədə nə deyə bilərsən?
- Yaxşı oyun keçirtdik. Oyun ərzində rəqibə pressinq etməyə çalışırdıq. Düşünürəm ki, layiqli qələbə qazandıq. Üç xal qazandığımıza görə məmnunam.
- Bu, "Şəfa"nın ilk oyunu idi, "Zirə" isə buna qədər 4 rəsmi matça çıxmışdı.
- Bəli, bu bizə müəyyən qədər mənfi təsir edə bilərdi. Çünki qeyd etdiyiniz kimi, bir neçə oyun oynamışdıq və çox güman, bizi iş başında görmüşdülər. Qarşı tərəf isə Premyer Liqaya yeni vəsiqə qazandıqlarına görə, oyunları barədə elə də məlumatlı deyildik. Ancaq ilk 15 dəqiqədə "Şəfa"nın bizə qarşı hansı oyun planı hazırladığını anladıq. Önə keçdikdən sonra bizə pressinq tətbiq etməyə çalışırdılar, amma vurulan daha bir qolun ardından layiqli qələbə qazandıq. Önümüzdəki oyunlara baxacayıq.
- Komanda "Payde" şokundan necə ayıldı? Bu, sizin üçün psixoloji zərbə idi? Rəqibin "Rapid"ə qarşı oyunlarını izlədiniz? "Zirə" Estoniya təmsilçisindən daha fərqli oyun nümayiş etdirə bilərdi?
- Bu suala cavab vermək çətindir. Həqiqətən də, bizim tur adlaya bilməməyimiz gözlənilməz oldu. Amma "Rapid"lə necə oynayardıq, bu barədə heç nə deyə bilmərəm.
- Mövsüm ərzində hədəfləriniz nələrdir?
- Məqsədimiz dəyişməyib. Ötən "futbol ili"ndə də olduğu kimi, hər oyuna üç xal üçün çıxacayıq və təbii ki, çempionatı çalışdığımız qədər yuxarıda bitirmək istəyirik. Ən azı üçüncü və dördüncü pillə bizim hədəfimizdir.
- Bundan sonra "İmişli" ilə qarşılaşacaqsınız. Ötən mövsüm onlarla hər üç görüşdə heç-heçə qeydə alınıb.
- Az öncə dediyim kimi, hər matça üç xal gözü ilə baxırıq və məncə, asan olmayacaq. Hər görüşü final oyunu kimi görməliyik.
Əlisahib İbrahimli