
Dünən Misli Premyer Liqasında ilk matçını keçirən “Şəfa” səfərdə “Zirə”yə uduzub (0:2).
Qonaqların yarımmüdafiəçisi Bafode Dansoko məğlub olduqları oyundan sonra Fanat.Az-ın suallarını cavablayıb.
- İlk olaraq bu oyunla bağlı təəssüratlarını öyrənmək istərdik.
- Çətin oyun oldu. Oyuna yaxşı başladıq və baxımlı epizodlarımız da oldu. Amma düşünürəm ki, qolları ən pis məqamlarda buraxdıq. Birinci dəfə ilk hissənin sonunda, ikinci qol isə ikinci hissənin əvvəlində oldu. Ona görə də bu gün görüş bizim üçün çətin keçdi.
- Komanda yoldaşlarınla artıq uyğunlaşa bilmisən?
- Bəli, amma düşünürəm ki, bunun üçün bizə bir az da vaxt lazımdır. Çünki yeni komandayıq. Bir-birimizi rahat başa düşmək və meydanda daha yaxşı əlaqə qurmaq üçün bir qədər vaxta ehtiyacımız var.
- Komandanızın əsas məqsədi nədir? Mövsümü hansı pillədə başa vurmaq istəyirsiniz?
- Məqsədimiz hər oyuna ayrıca köklənməkdir. Hər oyun bizim üçün final kimidir. Matç-matç mübarizə aparacağıq və sonda hansı nəticəni əldə edəcəyimizi görəcəyik.
Əlisahib İbrahimli