
Azərbaycan Premyer Liqasında ilk tura yekun vuruldu. Açılış turunun qalibi təkcə meydanda güclü olan komandalar yox, həm də AFFA-nın yeni layihəsinin - "APL Fantasy"-nin iştirakçıları oldu.
Fanat.Az-ın bu layihəyə qoşularaq yaratdığı virtual "Fanat.Az Liqası"nın ilk qalibi də müəyyənləşib.
Azərbaycan Premyer Liqasının oyunları üçün özünün komandasını ("Ayeddin PFK") formalaşdıran Ayəddin Abdullayev (qeydiyatdan Ələskərli soyadı ilə keçib) ilk turda hamıdan çox - 76 fantazi xalı toplayıb.
Qalibimiz Abdullayev Ayəddin Rza oğlu Saatlı rayonu Qaracalar kənd sakinidir. 30 yaşı var, təlimçi-müəllimdir, repetitorluq fəaliyyəti ilə məşğul olur. Belə görünür ki, bundan sonra daha bir əlavə gəlir yeri olacaq. Hər halda, artıq 50 AZN əldə edib.
Ayəddin müəllim Azərbaycan futbolu ilə yaxından maraqlandığını və indiyə qədər müxtəlif platformalarda "fantazi" oynadığını etitaf edib:
"İndiyə qədər müxtəlif futbol oyunları oynasam da, doğma liqamıza olan sevgim və marağım sayəsində "APL Fantasy" heyəcanına qoşuldum. Ölkə futbolumuzu bu formada daha da maraqlı edən, azarkeşlər arasında sağlam rəqabət yaratmaqla yerli liqaya olan marağı artıran bütün təşkilatçı heyətə dərin təşəkkürümü bildirirəm. Əməyinizə və gördüyünüz işə əhsən! Gələcək mövsümlərdə də bu cür uğurlu layihələrin davamını arzulayıram.
Bəli, Azərbaycan futbolu ilə yaxından maraqlanıram. Futbolumuzun həm zəngin tarixini, həm də bugünkü çempionat mübarizəsini, taktiki inkişafını və klubların Avropa аrеnаlarındakı çıxışlarını diqqətlə izləyirəm. Azarkeşi olduğum komanda "Neftçi"dir!
Mən 5-6 yaşımdan — idmanı, futbolu anlamağa başladığım ilk vaxtlardan bəri "Neftçi"nin oyunlarına baxıram. Bu, mənim üçün sadəcə bir futbol klubu deyil, uşaqlığımdan bəri qəlbimdə yer alan əsl ehtiras və həyat tərzidir. Ağ-qara rənglərə bağlanan insan üçün "Neftçi" böyük bir məktəb, zəngin ənənə və qürurdur. 1966-cı ilin tarixi bürünc medalından tutmuş müstəqillik illərindəki çempionluqlara, Avropada ölkəmizi ilk dəfə qrup mərhələsində təmsil edən komanda olmağına qədər hər bir uğur bu klubu mənim üçün əvəzolunmaz edir. İllər keçsə də, o ilk günkü həyəcanla komandamın hər matçını izləməyə və dəstəkləməyə davam edirəm".
Qalibimiz heyət qurarkən üstünlük verdiyi məntiqi də açıqlayıb:
"Oyunçuları seçərkən adlarına deyil, son həftələrdə göstərdikləri real performansa, fiziki formaya və komandadakı roluna diqqət yetirirəm".
Beləliklə, siz də "Fanat.Az Liqası"na qoşulub futbol biliklərinizi nümayiş etdirmək, virtual komanda qurmaq, liqa iştirakçıları ilə rəqabət aparmaq və ən əsası, hər həftə qalib olaraq bizdən 50 manat mükafat qazanmaq şansı əldə edirsiniz. "Fanat.Az Liqası"nın üstünlüyü ondadır ki, yarışa sonradan qoşulan iştirakçılar digər liqalarda mövsümün qalibi olmaq şanslarını çətinə saldıqları halda, bizimlə hər turda qazanc əldə edə biləcəklər. Odur ki, virtual futbol həvəskarlarını "APL Fantasy"-də "Fanat.Az Liqası"na qoşulmağa səsləyirik. Azərbaycan futbolunu yaxşı tanıdığını düşünən hər kəs öz komandasını yarada və biliyini nəticəyə çevirə bilər. Bunun üçün yalnız bir şərt var. "Telegram" kanalımıza abunə olmaq mütləqdir.
Mirağa