
Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişaf
Nəhayət, dərindən nəfəs ala, 2027-ci ilin əvvəlinə qədər Avropa futbolunun içərisində olacağımızın qürurunu yaşamaqla bərabər, "Qarabağ"ın ötənilki uğurunun davamını gətirən, estafeti Liqa mərhələsinə qədər daşıyan "Sabah"ın bu mövsümkü nəticələrini təhlil edə bilərik. Halbuki, Premyer Liqanın sonuna dörd tur qalmış çempionluğunu rəsmiləşdirəndən sonra əksəriyyəti bir sual düşündürürdü: Çempionlar Liqasındakı debüt mövsümünü uğurlu keçirə biləcəklərmi? Bu da başadüşülən idi. Axı "Qarabağ" ardıcıl 12 il avrokuboklarda qrupa (əsas mərhələ və liqa mərhələsi də adlandırılır) düşməklə hər kəsi uğuruna alışdırmışdı. Gənc bir klubun həmin boşluğu doldurması inandırıcı görünmürdü. Əsas əndişə isə təcrübəsizliklə bağlı idi. Ancaq çoxları "Sabah"ın üstün məziyyətlərini yaddan çıxarırdı...
Dambrauskas amili
Şübhəsiz, "Sabah"ın uğurunun başlıca səbəbi, daha doğrusu, səbəbkarı, memarı baş məşqçi Valdas Dambrauskasdır. Azərbaycandan aldığı təklifi dəyərləndirəndən dərhal sonra Premyer Liqamızı incələyən mütəxəssis "Qarabağ"ın dominantlığına əngəl olmağın "açar"ını dərhal tapdı. Təsadüfi deyil ki, onun komandası ağdamlıları həm çempionatda, həm də kubokda tituldan məhrum etdi. Litvalı güclü taktik olması ilə öyünmək əvəzinə nə dedi? Hər zaman Azərbaycan futbolu, məşqçilərimiz haqda bəlağətlə danışaraq hörmət qazanan Dambrauskasın bu yaxında xarici mətbuata verdiyi bir açıqlama xüsusi rəğbətlə qarşılandı. O, "Qarabağ"dan çox şey öyrəndiyini etiraf edib. Təvazökarlığını qoruyan Dambrauskas bu xarakteri ilə həm özünü, həm də "bayquşlar"ı intriqalardan uzaq saxlayıb bütün diqqətini işinə, komandaya, oyunlara yönəltdi.

Yeri gəlmişkən, Dambrauskasın maraqlı həyat hekayəsini qısaca yada salaq. Onun futbol yolu olduqca qeyri-adi başlanğıca malikdir. Valdas 2000-ci ildə “Kim Milyoner Olmaq İstəyər?” yarışmasına qatılaraq 4 min Litva litası (təxminən 3000 Azərbaycan manat) qazanıb. İngiltərəyə köçərək London Metropolitan Universitetinin idman elmləri və məşqçilik ixtisasına daxil olan mütəxəssis həmin pulu məhz gələcək fəaliyyəti üçün sərf edib. İlk rəsmi məşqçilik fəaliyyətinə isə 2007-ci ildə İngiltərənin aşağı liqalarında çıxış edən “Kingsbury London Tigers” klubunda başlayıb. Daha sonra Litvaya qayıdan Dambrauskas müxtəlif klublarda çalışıb. Ümumilikdə 12 fərqli klubda məşqçilik edən litvalı mütəxəssis 2025-ci ilin iyulundan Azərbaycandadır.
"Qarabağ"la "Qəbələ"nin göstəricisi yeniləndi, ÇL tarixində yeni rekord reallaşdırıldı
"Sabah" ilk iki mərhələni birnəfəsə keçdi. Azərbaycan təmsilçisi Uelsin TNS komandasını hər iki oyunda məğlub etdi – 2:0 və 2:1. Ardınca Finlandiya "KuPS"-una şans verilmədi – Bakıda 1:0, səfərdə 2:0.
Üçüncü mərhələdə “Sabah” ilk ciddi sınaqla üzləşdi. Komanda Danimarkada “Orhus”a 1:2 hesabı ilə uduzdu. Lakin cavab oyununda 4:0 hesabı ilə qalib gələrək rəqibinə aman vermədi.
Pley-offda da eyni ssenari təkrarlandı: “Hapoel Beer-Şeva”ya ilk görüşdə 1:2 hesabı ilə məğlub olan "bayquşlar" İsrail təmsilçisini Bakıda 3 top fərqlə (5:2) yendi.

Beləliklə, "Sabah" ÇL tarixində əsas mərhələyə vəsiqə qazanan ən gənc iki klubdan biri oldu. 8 sentyabr 2017-ci ildə yaradılan “Sabah” 9 yaşı tamam olmamış Çempionlar Liqasının 36 ən güclü komandası sırasına düşdü. Təmsilçimiz bununla Çempionlar Liqası tarixində unikal uğura imza atdı. Bakı klubu Avropanın ən nüfuzlu klub turnirində debüt etdiyi ilk tsikldə dörd təsnifat mərhələsini keçərək əsas mərhələyə yüksələn ilk komanda oldu. İndiyədək 7 klub ilk təsnifat mərhələsindən başlayaraq bütün dörd seçmə mərhələni keçsə də, "bayquşlar" bunu debütdəcə reallaşdırmaqla tarixə düşdü. Xatırladaq ki, daha əvvəl 2018/19 və 2019/20 mövsümlərində “Srvena Zvezda”, 2020/21 mövsümündə “Ferentsvaroş”, 2021/22 mövsümündə “Şerif” və “Malmö”, 2024/25 mövsümündə Bratislavanın “Slovan”ı və 2025/26 mövsümündə “Kayrat” ilk mərhələdən başlayaraq bu uğura imza atıb.
Təsnifat mərhələlərində və pley-offda keçirdiyi 8 oyunda 6 qələbə qazanan "Sabah" bu göstəricidə də rekord qırıb. Bakı təmsilçisi bir mövsümdə təsnifat və pley-off mərhələlərində 6 qələbə qazanan ilk Azərbaycan klubu olub. Bununla da 5 qələbə qazanan “Qarabağ”la “Qəbələ”nin rekordu yenilənib. 2013/2014, 2023/2024 və 2025/2026 mövsümlərində “Qarabağ”, 2016/2017 mövsümündə “Qəbələ” əsas mərhələyə qədərki oyunlarda 5 qələbə qazanıb.

Büdcə 1,5 dəfə zənginləşdi
Çempionlar Liqasının əsas mərhələsinə çıxaraq Avropaya səs salan “Sabah” büdcəsini də xeyli zənginləşdirdi. Azərbaycan çempionu UEFA-dan ödənişlər şəklində ən azı 20,18 milyon avro (təxminən 39 milyon manat) qazanıb. 2026/27 mövsümü üçün nəzərdə tutulmuş klub turnirlərində gəlirlərin bölüşdürülməsi sisteminə əsasən, ÇL-in əsas mərhələsinin 36 iştirakçısının hər biri 18,62 milyon avro məbləğində ilkin sabit ödəniş alacaq. Bu məbləğə sonradan teleyayım və digər istiqamətlər üzrə ödənişlər də əlavə olunacaq. Klub, həmçinin əsas mərhələnin turnir cədvəlində tutacağı yekun mövqeyə görə ən azı 275 min avro bonus qazanacaq. 36-cı yeri tutacaq komanda üçün məhz bu məbləğ nəzərdə tutulub. Beləliklə, “Sabah” üçün nəzərdə tutulan minimum ödəniş məbləği əsas mərhələdəki səkkiz oyunun nəticələri nəzərə alınmadan təxminən 20,176 milyon avro təşkil edir. Üstəlik, UEFA hər qələbəyə görə 2,1 milyon avro, heç-heçəyə görə isə 700 min avro ödəyir.
Bura Azərbaycan Prezidentinin həftəiçi sərəncam imzalayaraq, kluba ayırdığı 5 milyon manatı da əlavə etsək, 30 milyondan bir qədər artıq büdcəsi olan "Sabah" uğurlu çıxışla bu məbləğin ikiqatını təmin edib.
Püşk uğurlu olmasa da...
“Sabah” Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə, Azərbaycan reytinqinə verdiyi xeyir ilə işin böyük hissəsini görüb. Liqa mərhələsindəki perspektiv? Rəqiblər dünəndən bəllidir. Püşk Azərbaycan çempionu üçün kifayət qədər ağır düşdü. Bakı təmsilçisi evdə İspaniya “Barselona”sı, Almaniyanın Dortmund “Borussiya”sı, İtaliya “Napoli”si və Çexiya “Slaviya”sı ilə qarşılaşacaq, səfərdə isə İngiltərənin “Arsenal”ı, “Mançester Yunayted”i, İspaniyanın “Vilyarreal”ı və Norveçin “Vikinq”i ilə üz-üzə gələcək. Başqa szölə, rəqiblərin 6-sı Avropanın “böyük beşlik” adlandırılan İngiltərə, İspaniya, Almaniya və İtaliya çempionatlarını təmsil edir. Həm də sıradan rəqiblər deyil, nəhənglərdir. Təsadüfi deyil ki, Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasından sonra komandaların rəqiblərinin orta güc nisbəti müəyyənləşib və aparıcı mərkəzlərin təhlilinə əsasən, turnirdə ən çətin püşklə üzləşən klub Azərbaycan çempionu "Sabah"dır. "Mançester Siti" və Fransanın "Lans" klubları ilə yanaşı, "Sabah" ən ağır rəqiblərlə düşən komandaların siyahısına başçılıq edir.
"Səkkizliy"in digər iki iştirakçısı - “Slaviya” və “Vikinq” ilk baxışdan "dişbatan" görünə bilər. Çexiya təmsilçisi ilə ev oyununda və Norveç “Vikinq”i ilə ("Sabah" kimi Liqa mərhələsində ilk dəfə çıxış edəcək) səfər qarşılaşmasında xal(lar)a ümid etmək olar.

Böyük ehtimalla, əsas mərhələdə xalsız qalmayacağıq. Amma nəinki xal ümidi kimi baxdığımız rəqiblərlə, Avropa nəhəngləri ilə oyunlarda da “Sabah”ın əsl xarakteri - döyüşkənliyi, cəsarəti ön planda olacaq. "Mən qol vurmağı sevirəm. Futbola yanaşmamı bir sözlə ifadə etməli olsam, bu, dominantlıq olardı. Risk etməkdən qorxmuram" deyən, seçmə və pley-off mərhələlərindəki 8 oyunda komandasının 18 dəfə fərqlənməsinə şahid olan Dambrauskasdan yenə sürpriz gözləməyə dəyər. Yetirmələrinin püşkatma zamanı adlı-sanlı rəqiblərinin adını eşitdikcə bunu sevinclə, böyük coşqu ilə qarşılaması çox şeydən xəbər verir.
İstənilən halda, "Sabah" Çempionlar Liqasındakı çıxışı ilə artıq böyük bir "sağ ol"u, alqışı haqq edir.
Mirağa Mirzəyev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
