
"Sabah" UEFA Çempionlar Liqasının liqa mərhələsində "Mançester Yunayted" ilə qarşılaşacaq.
Azərbaycan millisinin və "bayquşlar"ın sabiq çalışdırıcısı Arif Əsədovla əlaqə saxlayıb ölkə təmsilçisinin ÇL matçı barədə fikirlərini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibin gücündən danışmaq lazım deyil. "Mançester Yunayted" İngiltərənin ən güclü klublarındandır və çıxış etdiyi İngiltərə Premyer Liqası ən öndə gedən çempionatlardandır. Azarkeş dəstəyi yüksəkdir. Gərək təmsilçimiz ilk 15 dəqiqə həm tamaşaçıların, həm də rəqibin təzyiqinə dözsün. "Sabah" bu basqılardan çıxa və adaptasiya ola bilsə, sonradan rahat oynayıb, rəqibi əks-hücumlarda tuta bilər. Burada qələbə və ya heç-heçəni düşünməyək, "Sabah"ın təcrübə qazanmasını fikirləşək və uğurlar arzulayaq".
Qeyd edək ki, tərəflər arasında görüş "Old Trafford" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli