
Sentyabrın 12-də Misli Premyer Liqasının V turu çərçivəsində "Kəpəz" və "Qəbələ" komandaları arasında keçiriləcək oyununun start fitindən öncə Azərbaycanın veteran futbolçusu Mehman Hacıyevin vəfatı ilə əlaqədar Gəncə Şəhər Stadionunda 1 dəqiqəlik sükut elan olunacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Kəpəz"in mətbuat xidməti yayıb.
Bununla bağlı "Kəpəz" rəhbərliyinin PFL-ə müraciətinə müsbət cavab verilib.
Bir dəqiqəlik sükut zamanı, həmçinin stadionun ekranlarında mərhumun fotosu əksini tapacaq.
Xatırladaq ki, M.Hacıyev futbolçu qismində "Kəpəz"in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb, 2010-2013-cü illərdə əvəzedici heyətin baş məşqçisi, 2013/14 mövsümündə isə əsas komandanın məşqçisi vəzifələrində çalışıb. O, sentyabrın 6-da 52 yaşında dünyasını dəyişib.