Həndbol üzrə qadınlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Fanat.Az xəbər verir ki, yarışın əsas favoriti sayılan “Azəryol” son turda da azarkeşlərini inamlı qələbə ilə sevindirib. “İdman Akademiyası” ilə oyunun ilk hissəsindən təşəbbüsə yiyələnən kollektiv görüşü 42:19 üstünlüklə başa vuraraq növbəti çempionluğu rəsmiləşdirib.
Son turadək qızıl medallara nəzəri imkanlarını qoruyan “Qarabağ” “Azərsu” ilə oyunda üzərinə düşən vəzifənin öhdəsindən gəlsə də, 33:20 hesablı qələbə ilə ikinci yerlə kifayətlənməli olub.
Kişi komandaların yarışında isə qızıl medalların sahibi vaxtından əvvəl müəyyənləşib. 9-cu turda “U-18” komandasına 31:24 hesabı ilə qalib gələn “Bakı” son oyunların nəticəsindən asılı olmayaraq çempion olub. Bu tura qədər çempionluq imkanlarını qoruyan “Təhsil” “U-16” üzərindəki 26:25 hesablı qələbə ilə gümüş medallarla kifayətlənməli olacaq.
“Məhsul” – “Gənclər Birliyi” görüşünü 31:25 hesablı qələbə ilə başa vuran nominal ev sahibi aktivinə 7-ci xalı yazdırıb.
Qeyd edək ki, bürünc mükafatçının adına aydınlıq gətirəcək 10-cu turda “Bakı” “Məhsul” ilə, “Təhsil” U-18 İdman Akademiyası ilə, U-16 “Gənclər Birliyi” ilə qarşılaşacaq.