UEFA "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Bakıda "Olimpik Marsel"ə qarşı keçirilmiş Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jestinə biganə qalmayıb.
Fanat.Az-ın məlumatına görə, Avropa futbol qurumunun baş katibi Corco Marketti turnirin 1/8 final mərhələsinin püşkatması zamanı 50 yaşlı mütəxəssisin jestinə görə "köhlən atlar"a təşəkkür edib:
"Qarabağ"ın inanılmaz idman ruhu və feyr-pley jestini qeyd netmək istərdim. Onlar baş hakimdən vurduqları qolun ləğv olunmasını xahiş edib. Əla, cənablar! Sizin turnirdəki çıxışınız möhtəşəm idi. Ədalətli oyununuz isə alqışa, tərifə və hörmətə layiqdir. Bu, həqiqətən xüsusi an idi".
Qeyd edək ki, "Qarabağ"ın hücumçusu İbrahima Vadji 34-cü dəqiqədə "Marsel"in qapısına yol taparaq, hesabı bərabərləşdirib - 1:1. Bundan sonra qonaqların futbolçuları və məşqçilər heyəti seneqallı forvardın əllə fərqləndiyini bildiriblər. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müdaxiləsindən sonra baş hakim Bartoş Frankovski qolu ləğv edib.