Bu gün Millətlər Liqasının C3 qrupunda qadınlardan ibarət Azərbaycan millisinin qonağı olacaq Farer adaları yığmasının baş məşqçisi Siqne Anderson təmsilçimizlə görüş ərəfəsində açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, Anderson fikirlərini ölkəsinin futbol federasiyasının rəsmi saytına bölüşüb:
"Bura iki dəfə gəlmişik. Şərait yaxşıdır. Səhvləri aradan qaldırmaq üçün səylə çalışmışıq. Azərbaycana qarşı görüş ilin son matçıdır. İli parlaq qələbə ilə başa vurmalıyıq".
Qeyd edək ki, Azərbaycan - Farer adaları oyunu "Dalğa Arena"da keçiriləcək. Matç 19:00-da başlayacaq.