
Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsinə İrlandiya yığmasının qonağı olub.
Fanat.Az xəbər verir ki, komandamızın baş məşqçisi Canni De Byazi 1:1 hesabı ilə bitən matç barədə danışıb.
"Qələbə qazanmaq üçün bir az təcrübə çatmadı. Rəqibi çətin vəziyyətlərə saldıq. Onlar ikinci hissədə əvəzləmələrə əl atmalı oldu. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun aut xəttini keçdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq”.
İtalyan mütəxəssis onu da qeyd edib ki, “Komandama heç vaxt müdafiə olunmaq tapşırığı vermirəm. Tapşırığım o olur ki, irəlidə pressinq edək. Bunu ilk hissədə edə bildik. İrlandlar ikinci hissədə hücumameyilli oyunçuları meydana buraxdı və çox futbolçu ilə irəli çıxdılar. Fikirləşirəm ki, bu situasiyalarda oyunu daha yaxşı idarə etməliyik. Topu bir az buraxmaq lazımdır ki, rəqibi yoraq. Bu baxımdan inkişaf etməliyik”.
Xatırladaq ki, millimiz növbəti oyununu sentyabrın 7-i Bakı Olimpiya Stadionunda Portuqaliya yığmasına qarşı keçirəcək.