
Qadınlardan ibarət Azərbaycan milli komandası dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində ilk ev oyununda Danimarkaya biabırçı (0:8) hesabla uduzub.
Fanat.az xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov darmadağını belə şərh edib:
“Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidir, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı. Xüsusən, fiziki cəhətdən güclü komandadır. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən istifadə edib qələbə qazanmağı bacardılar. Bu cür oyunlardan sonra futbolçuları digər oyunlara kökləmək çətindir. İlk iki oyunumuz qrupun lider komandalarına qarşı oldu. Bu oyunlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.
Danimarka milli komandasının baş məşqçisi Lars Sondergaard isə asan qələbə qazanmalarının səbəbini izah edib:
“Topa daha çox nəzarət edərək öz oyunumuzu oynadıq. Azərbaycan millisini çox qaçmağa məcbur etdik və sonda onları yorduq. Oyun ərzində baxımlı qollar vurmağı bacardıq. Əlbəttə, nəticə və oyun bizi tam məmnun edir".
Mirağa