Paralimpiya cüdosu üzrə yarışların keçirilmə qaydalarında dəyişiklik edilib.
Bu barədə Fanat.Az-a Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) vitse-prezidenti İlqar Rəhimov məlumat verib.
Qurum rəsmisi növbəti ildən etibarən tam görmə məhdudiyyətli idmançılarla müəyyən görmə imkanına malik olanların ayrılıqda mübarizə aparacağını bildirib:
"Bu məsələ ətrafında uzun müddətdir ki, Beynəlxalq Paralimpiya Komitəsi ilə müzakirələr aparılırdı. Nəhayət, yeni qaydalar təsdiqləndi. Qərara əsasən, 2022-ci ildən başlayaraq idmançılar J1 və J2 kateqoriyalarına bölünərək, ayrılıqda yarışacaqlar. Lakin cüdoçular əvvəlki kimi 13 deyil, kişi və qadınların hərəsində 4 olmaqla, 8 çəki dərəcəsi üzrə mübarizə aparaqlar. Həmçinin bəzi xəstəliklər təsnifatdan çıxarılıb. Miopiya və astiqmatizm artıq paralimpiyaçı statusu almaq üçün keçərli sayılmayacaq".
Qeyd edək ki, Azərbaycanın cüdo üzrə Paralimpiya çempionu və mükafatçıları arasında yalnız İlham Zəkiyev tam görmə məhdudiyyətlidir.
Sahib Əsədbəyli